Yaponiyaya yaxınlaşan dağıdıcı “Ducuan” tayfunu ilə əlaqədar məlumatların toplanması və vəziyyətə operativ reaksiya verilməsi üçün xüsusi qərargah yaradılıb.
Denizxeber.az bildirir ki, bu barədə Yaponiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tayfunun episentri Honsyu adasının Sakit okean sahilinin mərkəzi hissəsinin cənubunda yerləşir. O, saatda təxminən 25 km sürətlə şimal-şərq istiqamətində hərəkət edir.
Proqnozlara əsasən, tayfun bazar ertəsi günün ikinci yarısında İzu yarımadasına, daha sonra isə Tokio ərazisinə yaxınlaşacaq.
Sinoptiklər güclü leysan yağışları, çayların daşması və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edərək sakinlərə küçəyə çıxmamağı tövsiyə edirlər. Çiba prefekturasının bəzi rayonlarında sakinlərin təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tövsiyələr artıq qüvvədədir.
Tayfun güclü külək, küləyin qəfil şiddətlənməsi və leysan yağışları ilə müşayiət olunur. Son iki sutka ərzində bəzi ərazilərdə 410 mm-dən çox yağıntı qeydə alınıb. Sinoptiklər saatda təxminən 80 mm intensivliklə yağış yağacağını proqnozlaşdırırlar.
Son məlumatlara görə, Yaponiyanın Baş naziri Sanae Takaiçinin ABŞ-yə səfəri üçün nəzərdə tutulan uçuşu da “Ducuan” tayfunu ilə əlaqədar təxirə salına bilər.





