Yunanıstan Egey dənizinin cənub-şərqində yerləşən bir sıra adaların üzərində pilotsuz uçuş aparatlarının (PUA) hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Denizxeber.az bildirir ki, bununla əlaqədar bir neçə müvəqqəti məhdudlaşdırılmış hava məkanı müəyyənləşdirilib.
Məhdudiyyətlər əsasən Karpatos və Kasos adalarını, eləcə də onların yaxınlığında yerləşən Sariya və Armatia kiçik adalarını əhatə edir. Qadağa oktyabrın 31-dək hər gün saat 07:00-dan 19:00-dək qüvvədə olacaq.
Qərara əsasən, Karpatos adasındakı Olimpos, Aperi və Arkasa əraziləri, Kasos adasının bütün ərazisi, həmçinin hər iki adanın hava limanları ətrafındakı hava məkanı xüsusi nəzarət zonasına daxil edilib.
Məhdudiyyət yer səthindən təxminən 122 metr hündürlüyədək olan hava məkanına şamil edilir. Bu hündürlük adi mülki dronların uçuşları üçün müəyyən edilmiş maksimal həddə uyğundur.
Rəsmi bildirişlərdə məhdudiyyətlərin hansı konkret əməliyyatla əlaqədar tətbiq edildiyi açıqlanmayıb. Bununla belə, Yunanıstan mediası adaların strateji yerləşməsini və tətbiq olunan məhdudiyyətlərin xarakterini nəzərə alaraq, qərarın hərbi təlimlər və ya sərhədlərə nəzarət əməliyyatları ilə bağlı ola biləcəyini ehtimal edir.
Məlumata görə, müvafiq dövlət qurumlarının həyata keçirəcəyi uçuşlar Afina hava hərəkətinə nəzarət xidməti ilə daimi əlaqələndiriləcək. Uçuş təhlükəsizliyi baxımından zərurət yaranacağı təqdirdə, həmin əməliyyatlar da dərhal dayandırıla bilər.




