BMT-dən ciddi xəbərdarlıq

68

Qara dənizdə limanlara və mülki gəmilərə edilən hücumlar Ukraynanın taxıl ixracını təhdid edir və Avropadan kənarda ərzaq qiymətlərinin artmasına səbəb ola bilər.

Denizxeber.az xarici mediaya istinadla xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas BMT-nin qərargahında naviqasiya azadlığı və qlobal ərzaq təhlükəsizliyinə həsr olunmuş görüşdə bildirib.

Onun sözlərinə görə, Ukrayna qlobal buğda ixracının təxminən 10 faizini, qarğıdalı ixracının isə 15 faizini təmin edir. Ölkənin kənd təsərrüfatı məhsulları ixracının təxminən 90 faizi Qara dəniz vasitəsilə həyata keçirilir.

K.Kallas mülki gəmilərin təhlükəsiz keçidinin təmin edilməsinə və liman infrastrukturunun qorunmasına çağırıb.

Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu isə bildirib ki, tammiqyaslı münaqişənin başlanmasından bəri ölkəsinin limanlarından təxminən 60 milyon ton Ukrayna taxılı və digər kənd təsərrüfatı məhsulları keçib.

O qeyd edib ki, Rumıniya üzərindən keçən alternativ marşrutlar Qara dəniz gəmiçiliyini tam şəkildə əvəz edə bilməz.

Nazir Afrika, Yaxın Şərq və Asiyanın ərzaq bazarları üçün yaranan risklərə diqqət çəkərək vurğulayıb: “Qara dənizdə baş verənlər regiondan kənarda ağır nəticələrə səbəb olur”.