Xəzərin səviyyəsinin azalması Bakı bulvarında yeni çağırışlar yaradır – AÇIQLAMA

79

Xəzər dənizində suyun səviyyəsinin azalmasının Bakı bulvarının vizual görüntüsünə təsirləri müşahidə edilir. Ayrı-ayrı hissələrdə quru torpaq sahələri meydana çıxıb.

Denizxeber.az bildirir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov “Report” İnformasiya Agentliyinə və “ARB” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin azalması müxtəlif aspektlərdən müzakirə olunur.

“Artıq sirr deyil ki, son bir neçə il ərzində Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi Bakı bulvarında da müşahidə olunan prosesdir. Ekoloji təsirlərlə yanaşı, bu, Dənizkənarı Bulvar İdarəsinin ərazinin infrastrukturunun və gələcək planlarının qurulması ilə bağlı bir neçə istiqamətdə yeni çağırışlarla üzləşməsinə səbəb olur.

Ardıcıllıqla məsələyə yanaşdıqda, suyun səviyyəsinin enməsi bulvarda ilk növbədə gəmiçilik, gəzinti gəmilərinin fəaliyyəti və yanalma infrastrukturu ilə bağlı öz təsirlərini göstərdi”, – deyə Xanlar Ağalarov bildirib.

Sədr qeyd edib ki, suyun geri çəkilməsi ərazinin vizual görünüşünə də təsir göstərir.

“Əgər Bakı buxtasının bulvar ərazisinə düşən hissəsində tarixən suyun müəyyən dərinliyinin olması səbəbindən şaquli istiqamətdə azalma müşahidə edilirdisə, son bir neçə il ərzində üfüqi istiqamətdə suyun geri çəkildiyi müəyyən ərazilər ortaya çıxır. Artıq bulvarın ayrı-ayrı hissələrində quru torpaq sahələrinin görüntüləri meydana çıxır.

Bu, bilavasitə sahil idarəetməsi, landşaftın uyğunlaşdırılması, qurumuş ərazilərin Bakı bulvarının ümumi landşaft dizaynına uyğunlaşdırılması ilə bağlı müxtəlif məsələləri ortaya çıxarır”, – deyə o əlavə edib.

Xanlar Ağalarovun sözlərinə görə, suyun səviyyəsinin azalması birbaşa və ya dolayı yollarla Bakı buxtasının ekoloji vəziyyətinə də təsir göstərir.

“Bu problem orta temperatur göstəricilərinə də təsirsiz ötüşmür. Bakı buxtasının xüsusi formasını nəzərə alaraq, bura suyun daxilolma cərəyanının dinamikası, suyun hərəkəti, mikroorqanizmlərin balansı, yosun kütlələrinin artımı ilə bağlı müxtəlif müşahidələr aparılır”, – deyə sədr bildirib.

Onun sözlərinə görə, suyun səviyyəsinin azalması nəticəsində yaranan dayazlaşma ərazidə təmizlənmə işlərinə də təsir göstərir.

Xanlar Ağalarov qeyd edib ki, gələcək planlarda Bulvar İdarəsi yalnız mövcud sahil xəttinin idarə olunmasını deyil, həmçinin həyata keçirilən və planlaşdırılan layihələr üzrə müxtəlif ssenariləri nəzərə alan yanaşmanı əsas götürür.

“Su səviyyəsinin dəyişmə dinamikasının mümkün təsirlərini əvvəlcədən minimuma endirə biləcək adaptiv memarlıq həllərinin və adaptiv infrastrukturun qurulması və tətbiqi ilə bağlı yanaşmanı ortaya qoyuruq”, – deyə sədr vurğulayıb.