Böyükşor gölündə daşların yaşıllaşması

48

Sosial şəbəkələrdə Böyükşor gölünün ətrafındakı daşların yaşıllaşmasını əks etdirən görüntülər yayılıb.

Denizxeber.az bildirir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı sorğuya cavab olaraq bildirib ki, hadisə yeni deyil.

Məlumata görə, məsələ avqustun 14-də Xidmətin əməkdaşları tərəfindən qeydə alınıb və həmin gün ictimaiyyətə açıqlama verilib.

Aparılan müşahidə və laborator araşdırmalar nəticəsində göldəki yaşıl rəngin yosun və sianobakteriyaların intensiv inkişafı ilə bağlı bioloji prosesdən qaynaqlandığı müəyyən edilib. Su temperaturunun yüksək olması, güclü günəş şüalanması, həmçinin suda azot və fosfor kimi qida maddələrinin mövcudluğu həmin orqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır.

Bildirilib ki, Xidmətin Mərkəzi Laboratoriyası tərəfindən göldən nümunələr götürülərək müvafiq analizlər aparılıb. Nəticələr yaşıl rəngin bioloji mənşəli olduğunu təsdiqləyib.

“Hazırda sosial şəbəkələrdə yayılan görüntülərdə avqustun 14-də qeydə alınmış və artıq araşdırılmış hadisə əks olunur. Məsələ nəzarətdə saxlanılır, zəruri hallarda müvafiq tədbirlər görüləcək”, – deyə Xidmətdən bildirilib.