Yütek UAB “Mavi Vatan”ı suya endirdi

49

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi üçün Yütek Gəmi şirkətinin podratçılığı ilə inşa edilən “UAB Mavi Vatan” sorucu tipli dibdərinləşdirici gəmi suya endirilib.

Denizxeber.az bildirir ki, Türkiyənin gəmiçilik və gəmiqayırma sahəsində yerli istehsal istiqamətində həyata keçirilən layihələrdən biri başa çatdırılıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, tamamilə yerli layihə əsasında Türkiyə tərsanələrində ilk dəfə inşa edilən sorucu tipli dibdərinləşdirici gəmi “UAB Mavi Vatan” uğurla suya endirilib.

Yeni nəsil dənizdibi dibdərinləşdirici gəminin istehsal mərhələlərinə toxunan nazir layihənin başlanğıcından bu günədək görülən işlər barədə məlumat verib.

“10 aprel 2025-ci ildə ilk blokun qaynağını həyata keçirdiyimiz yeni tipli sorucu dənizdibi dibdərinləşdirici gəmi UAB Mavi Vatanı suya endirdik. Yerli layihəmiz əsasında Türkiyə tərsanələrində ilk dəfə sorucu xüsusiyyətə malik dibdərinləşdirici gəmi inşa etdik”, – deyə Uraloğlu bildirib.

Strateji əhəmiyyət daşıyan gəminin texniki xüsusiyyətləri də açıqlanıb. UAB Mavi Vatan limanlar və mühüm su yollarında aparılan işlər üçün geniş əməliyyat imkanları təqdim edəcək.

Uraloğlu gəminin texniki göstəricilərini belə açıqlayıb: “Gəmimizin uzunluğu 85 metr, dibdərinləşdirmə dərinliyi 20 metr, tutumu isə 2 min kubmetrdir. Xüsusilə körfəzlərimizdə dibdərinləşdirmə və təmizləmə işlərini Nazirliyimizə məxsus milli gəmi ilə həyata keçirə biləcəyik”.

Tam avtomatlaşdırılmış sistemlə təchiz edilən gəmi əməliyyat səmərəliliyini artıracaq müasir texnologiyalara malikdir. Gəmi hərəkətdə olarkən də dibdərinləşdirmə işləri apara bilir.

Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, gəminin yaxın aylarda dəniz sınaqları və test prosesi başa çatdırıldıqdan sonra rəsmi şəkildə istismara verilməsi planlaşdırılır.

Türk mühəndislərinin layihəsi olan gəmi Nəqliyyat və İnfrastruktur Nazirliyi üçün Yütek Tərsanəsinin podratçılığı ilə Gündem Shipping & Shipyard şirkətinin törəmə müəssisəsi Yalova Arı Tərsanəsində inşa edilib.

Gəmi Artı Mühendislik tərəfindən layihələndirilib və Türk Loydu tərəfindən klassifikasiya edilib.

Gəminin dibdərinləşdirmə sistemi qazma, dərinləşdirmə və dibdərinləşdirmə sistemlərinin layihələndirilməsi üzrə ixtisaslaşan Niderlandın MOTAS şirkətinin imzasını daşıyır.

Gəminin uzunluğu 79,85 metr, eni 15 metr, dibdərinləşdirmə dərinliyi isə 20 metrdir.

Nəqliyyat və İnfrastruktur Nazirliyi 2 000 kubmetr tutuma malik gəmidən limanların və su yollarının texniki xidmətində istifadə edəcək.

Gəmi dənizin dibindən çıxarılan qum, çınqıl, lil, daş və torpaq kimi materialları toplayaraq daşıya biləcək.

Yütek 2025-ci ildə də nazirliyin istifadəsi üçün “Döker-1” adlı dibdərinləşdirici gəmi inşa edib.