Xarici şirkətlərin iştirakı məhdudlaşır

47

Böyük Britaniyada nüvə sualtı qayıqlarının yerləşdiyi hərbi-dəniz bazasında inşa ediləcək yeni doklarla bağlı tenderdə xarici şirkətlərin iştirakına icazə verilməyəcək.

Denizxeber.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Şotlandiyada yerləşən “HM Naval Base Clyde” hərbi-dəniz bazasında Kral Donanmasının sualtı qayıq donanmasına xidmət göstərilməsi üçün üç yeni üzən dok inşa ediləcək.

Layihə milli təhlükəsizlik baxımından əhəmiyyətli hesab edildiyindən tender yalnız Böyük Britaniya şirkətləri üçün açıq olacaq.

Yeni doklarda Böyük Britaniyanın hazırkı və gələcək nüvə sualtı qayıqlarına texniki xidmət göstəriləcək. Burada sualtı qayıqların yoxlanılması, təmiri və modernləşdirilməsi işlərinin aparılması nəzərdə tutulur.

“The Telegraph”ın ötən həftə yaydığı məlumata görə, son beş il ərzində Böyük Britaniyanın 30 milyard funt sterlinqdən çox dəyərində müdafiə müqaviləsi xarici təchizatçılara verilib.