Hörmüz boğazı yaxınlığında neft tankeri hücuma məruz qalıb

50

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) çərşənbə günü bildirib ki, Hörmüz boğazında neft tankeri naməlum mərmi ilə vurulub.

Denizxeber.az xarici mediaya istinadən xəbər verir ki, UKMTO çərşənbə axşamı strateji su yolunda baş verən hadisə ilə bağlı gecikmiş məlumat aldığını bildirib.

“Təsdiqlənmiş mənbə liman tərəfində xam neft tankerinin naməlum mərmi ilə vurulduğunu bildirib”, – deyə təşkilatın açıqlamasında qeyd olunub.

UKMTO gəminin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb. Həmçinin mümkün itkilər, gəminin aldığı zərərin miqyası və mərminin mənşəyi barədə ətraflı məlumat verilməyib.

Təşkilatın məlumatına görə, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Hücuma görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə İran və ABŞ arasında gərginliyin artdığı və qlobal enerji və əmtəə təchizatı baxımından mühüm marşrut hesab olunan Hörmüz boğazından keçidlə bağlı təhlükəsizlik narahatlıqlarının davam etdiyi bir vaxtda baş verib.