Qazaxıstanda süni intellekt, peyk məlumatları və geoinformasiya texnologiyalarından istifadə etməklə Xəzər dənizində şəraitin monitorinqi və proqnozlaşdırılması üçün vahid sistemin yaradılması əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.
Denizxeber.az bildirir ki, bu məsələlər “Xəzər dənizi: Problemlər, perspektivlər və dayanıqlı inkişaf üçün imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda müzakirə olunub.
Tədbirdə həmçinin elmi əsaslandırılmış su balansının və sahilyanı ərazilərin adaptasiyası üzrə ssenarilərin hazırlanması, eləcə də Xəzər ekosistemlərinin və biomüxtəlifliyin qorunmasına yönəlmiş vahid elmi proqramın hazırlanması məsələləri diqqət mərkəzində olub.
Konfrans çərçivəsində Xəzər dənizi ekosisteminin qorunması və bərpası üçün elmi əsaslandırılmış tövsiyələri əks etdirən analitik hesabatın hazırlanması nəzərdə tutulur.
Tədbir bu istiqamətdə konkret təkliflərin formalaşdırılmasına yönəlmiş praktiki seminarla davam edəcək.





