Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Qara dəniz sahilində yerləşən terminalından neft daşınması 2026-cı ilin 1 yanvar–25 sentyabr tarixlərində ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon ton azalaraq təxminən 50 milyon ton təşkil edib.
Denizxeber.az bildirir ki, hesabat dövründə terminalda 397 tanker yüklənib. Ötən ilin eyni dövründə isə bu göstərici 453 tanker olub.
Daşınmaların azalması əsasən dron hücumları və ilin birinci rübündə “Tengizchevroil” tərəfindən CPC sisteminə tədarük edilən neft həcminin azalması ilə əlaqələndirilir.
Bundan əlavə, Novorossiysk bölgəsində təhlükə xəbərdarlıqlarının uzadılması və əlverişsiz hava şəraiti səbəbindən neft yüklənməsinin mümkün olmadığı günlərin sayının artması da daşımaların həcminə mənfi təsir göstərib.
Qazaxıstanın neft ixracının 80 faizdən çoxunu nəql edən CPC sistemi Qazaxıstandan ildə təxminən 72,5 milyon ton, Rusiya ərazisindən isə 83 milyon tona qədər neft daşımaq imkanına malikdir.
CPC vasitəsilə neft daşınması 2025-ci ildə 12 faiz artaraq 70,52 milyon tona çatıb.





