ABŞ Sahil Mühafizəsi Karib dənizində Kubaya yanacaq daşıyan “Grace” yük gəmisini saxlayıb.
Denizxeber.az bildirir ki, bu barədə The New York Times ABŞ Sahil Mühafizəsinin açıqlamasına istinadən məlumat yayıb.
Uzunluğu təxminən 91 metr olan gəmi sentyabrın 5-də Kuba ilə Meksika arasında saxlanılıb. Sahil Mühafizəsinin məlumatına görə, “Grace” “kölgə donanması” taktikasından istifadə etməkdə şübhəli bilinib.
Qurum söhbətin konkret hansı hərəkətlərdən getdiyini açıqlamayıb. Nəşrin məlumatına görə, bu cür gəmilər transponderlərini söndürməklə və mövqeləri barədə məlumat ötürülməsini dayandırmaqla marşrutlarını gizlədə bilərlər.
Sahil Mühafizəsi həmçinin bildirib ki, bu ilin yayında ABŞ daha bir gəmini — “Jaira Provider”-i saxlayıb. ABŞ tərəfinin iddiasına görə, həmin gəmi də Kubaya yanacaq daşıyıb. Gəminin göyərtəsində təxminən 210 min qallon yanacaq olub.
“Grace” gəmisindəki yanacağın həcmi açıqlanmayıb. Sahil Mühafizəsinin nümayəndələri kəşfiyyat məlumatlarına əsaslanaraq yükün Kubaya göndərildiyini necə müəyyən etdiklərini də açıqlamayıblar.
The New York Times qeyd edir ki, Kuba yanacağın bir hissəsini daxildə istehsal etsə də, enerji sisteminin fəaliyyətini təmin etmək üçün idxaldan asılıdır. Ölkədə yanacaq qıtlığı fonunda genişmiqyaslı elektrik kəsintiləri baş verib, həmçinin xəstəxanaların fəaliyyəti, ərzaq və su təchizatı ilə bağlı problemlər yaranıb.





