Xəzər dənizi üzərindən konteyner daşımalarının qiyməti sentyabr ayında avqust ayı ilə müqayisədə artıb. Buna səbəb Hörmüz boğazı ətrafında yaranmış vəziyyət olub.
Denizxeber.az bildirir ki, qiymətlərin qiymətləndirilməsi üzrə Argus Media agentliyinin məlumatına əsasən, Yaxın Şərqdə qeyri-sabit vəziyyət fonunda Çindən Avropaya dəniz yolu ilə konteyner daşımalarında mümkün fasilələrlə bağlı narahatlıqlar səbəbindən tariflər ilin əvvəlindən etibarən artmaqda davam edir. Yanacağın qiymətinin yüksəlməsi də konteyner daşımalarının bahalaşmasına təsir göstərib.
Təhlildə həmçinin qeyd olunur ki, Çindən konteyner daşımaları üçün alternativ marşrutların, o cümlədən Şimal Dəniz Yolunun artan rəqabəti Xəzər dənizi üzərindən konteyner daşımaları üzrə tariflərin daha kəskin yüksəlməsini məhdudlaşdırır.
Sentyabr ayında Çinin Sian şəhərindən Ələt/Abşeron (Bakı) istiqamətində 40 futluq yüksək tutumlu konteynerin (40HC) daşınmasının qiyməti 6750–7200 ABŞ dollarına yüksəlib. Avqust ayında bu göstərici 6700–7100 dollar təşkil edib.
Ekspeditorların sözlərinə görə, konteyner yüklərinin daha kiçik operatorlar vasitəsilə daşınması əlavə olaraq 5–10 faiz baha başa gələ bilər. Bəzi daşıyıcılar sentyabr ayında Sian şəhərindən Ələtə 40HC konteynerin daşınmasını 6800–7300 dollar səviyyəsində qiymətləndiriblər.
Daşıyıcıların bildirdiyinə görə, sentyabr ayında Sian–Altınkol–Aktau–Ələt marşrutu üzrə konteyner qatarlarının orta tranzit müddəti 14–19 gün təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə dəyişməyib.
Sentyabr ayında Sian şəhərindən Abşeron/Ələt üzərindən Türkiyənin Ambarlı və Mersin limanlarına konteynerlərin tranzit daşınmasının qiyməti 40 futluq konteyner üçün 7200–8000 dollar təşkil edib. Avqust ayında bu tarif 7200–7900 dollar olub.
Ekspeditorların məlumatına görə, Azərbaycan, Gürcüstan və Qazaxıstanda boş vəziyyətdə gözləyən konteynerlərin sayı avqust ayı ilə müqayisədə, demək olar ki, dəyişməyib. Sentyabrın sonunda bu göstərici 3500–3700 konteyner təşkil edib.





