Oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Denizxeber.az bildirir ki, Cəbrayıl Şəhəri Günü Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla təsis edilib. Bu əlamətdar gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi tarixlə bağlıdır. Bu il şəhərin işğaldan azad edilməsinin altıncı ildönümüdür.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl bir şəhər, dörd qəsəbə və 92 kənddən ibarət rayonda 52 604 nəfər yaşayırdı. İşğal illərində cəbrayıllı məcburi köçkünlər Azərbaycanın 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il yanvarın 5-də keçirilən Horadiz əməliyyatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşmən işğalından azad olunub və Cocuq Mərcanlı Azərbaycan Ordusunun nəzarətinə keçib.
2020-ci il oktyabrın 4-də, Vətən müharibəsinin gedişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndinin işğaldan azad edildiyini elan edib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Cəbrayıl rayonunun bir şəhərini və 90 kəndini işğaldan azad edib. Cəbrayılın işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinə nəzarət qismən bərpa olunub.
Vətən müharibəsində Azərbaycanın qələbəsindən altı gün sonra — 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Cəbrayıl rayonunda olublar.
2024-cü il sentyabrın 26-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Köçürülən ailələr daha əvvəl respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
İndiyədək 117 ailənin — 364 nəfərin Cəbrayıl şəhərində məskunlaşması təmin edilib.
Cəbrayıl rayonu 1930-cu il avqustun 8-də yaradılıb. 1963-cü il yanvarın 4-də ləğv edilərək Füzuli rayonuna birləşdirilsə də, 1964-cü il iyunun 17-də yenidən müstəqil rayon statusu qazanıb.
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisinin sahəsi 1 049 kvadrat kilometrdir və əsasən dağlıq relyefə malikdir.
2021-ci il iyulun 7-də Prezident İlham Əliyevin imzaladığı fərmanla Cəbrayıl rayonu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilib.





