5 Oktyabr — Beynəlxalq Müəllimlər Günüdür

43

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.

Denizxeber.az xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən “Müəllimlərin statusu haqqında” ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən etibarən isə 5 oktyabr UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin beynəlxalq günlər sisteminə də daxildir. Beynəlxalq Müəllimlər Gününün qeyd olunmasında əsas məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsilin və ictimai inkişafın formalaşmasında oynadıqları mühüm rola diqqət çəkməkdir.

Hazırda dünyanın 100-dən çox ölkəsində Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Bununla yanaşı, bir sıra ölkələrdə milli Müəllimlər Günü müxtəlif tarixlərdə qeyd edilir. Məsələn, Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr müəllimlərin peşə bayramı kimi qeyd olunur.

Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Müəllim yalnız bilik öyrədən deyil, həm də gələcək nəsli formalaşdıran, onun dünyagörüşünün və mənəvi dəyərlərinin inkişafına töhfə verən böyük bir peşənin sahibidir.

Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan müəllimlərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yetişdirdikləri savadlı, vətənpərvər və gözəl əxlaqlı şagirdlərlə qürur duymalarını arzulayırıq!

Peşə bayramınız mübarək, əziz müəllimlər!