Araşdırmanın ilkin nəticələri açıqlanıb

45

Qazaxıstan Müdafiə Nazirliyində Xəzər dənizində sentyabrın 24-də keçirilən təlimlər zamanı 14 hərbçinin həlak olması ilə nəticələnən insidentin kompleks araşdırılması üzrə komissiya təlimlərin planlaşdırılmasında bir sıra çatışmazlıqlar və pozuntular aşkar edib.

Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti komissiya üzvləri ilə keçirilən görüşdən sonra məlumat yayıb.

Məlumata görə, araşdırmanın ilkin nəticələri hərbi tədbirlərin planlaşdırılmasında ciddi səhvlərə yol verildiyini və əvvəlki rəhbərlik tərəfindən lazımi nəzarətin həyata keçirilmədiyini göstərir. Dövlət başçısı artıq ilkin kadr qərarlarının qəbul edildiyini bildirərək, hərbçilərin ölümündə məsuliyyət daşıyan bütün vəzifəli şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb.

Yoxlamanın birinci mərhələsinin nəticələrinə əsasən, cinayət təqibi orqanları tərəfindən dövlət əmlakının mümkün mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və Müdafiə Nazirliyinin təşkilat və bölmələrinin fəaliyyətində yol verilmiş digər pozuntularla bağlı 13 cinayət işi başlanıb.

Bundan əlavə, 14 hərbçinin ölümü ilə bağlı iş üzrə 5 təqsirləndirilən şəxs həbs edilib.

Qazaxıstan Prezidenti bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib və məsələni şəxsi nəzarətinə götürüb.

Məlumatda qeyd olunub ki, komandanlıq heyətinin cinayətkar səhlənkarlığı ilə bağlı məhkəməyədək araşdırma davam etdirilir. Beş vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı 17 hərbçini su aparıb. Onlardan 14-ü həlak olub, 3 nəfər isə xilas edilib.

İnsidentdən sonra Prezident Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinə hadisənin araşdırılması barədə göstəriş verib. Həmçinin müdafiə naziri və Baş Qərargah rəisi dəyişdirilib, Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib.

Hadisə ilə bağlı cinayət işi üzrə istintaq davam etdirilir. Qazaxıstan Daxili İşlər Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, təqsirləndirilən şəxslər arasında Hərbi Dəniz Qüvvələrinin baş komandanının birinci müavini və Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri də var.