Aktau limanında əsas dibdərinləşdirmə işlərinə başlanılıb. İşlərin həyata keçirilməsi Xəzər dənizində su səviyyəsinin davamlı azalması fonunda zərurət yaranıb. Bu proses gəmiçiliyin şərtlərinə və liman akvatoriyasının istismar göstəricilərinə təsir göstərir.
Denizxeber.az Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, layihə çərçivəsində təxminən 1,3 milyon kubmetr qruntun çıxarılması nəzərdə tutulur. Nəticədə liman akvatoriyasının dərinliyinin 6–7 metrə çatdırılması planlaşdırılır.
Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib ki, dibdərinləşdirmə işlərinin aparılması limanın buraxılış qabiliyyətinin artırılmasına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə yükdaşımaların həcminin 30%-dək artmasına imkan verəcək. Həmçinin dəniz yolu ilə yükdaşıma xərclərinin təxminən 10–15% azalması üçün şərait yaradılacaq.
Nazirliyin məlumatına görə, layihənin həyata keçirilməsi liman infrastrukturunun inkişafına investisiyaların cəlb olunmasına və gəmiçiliyin təhlükəsizliyinin artırılmasına da töhfə verəcək.
Podratçı şirkət artıq işlərin icra qrafikini hazırlayıb. Cari məsələlərin operativ həlli və layihə iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə mütəmadi olaraq işçi müşavirələr keçirilir.
Dibdərinləşdirmə işlərinin cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.





