Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Xəzər dənizinin dayazlaşması ilə bağlı təklif olunan komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsini dəstəkləyib.
Denizxeber.az bildirir ki, Türkmənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı bu barədə Avaza şəhərində keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı danışıb. Sərdar Berdiməhəmmədov bildirib ki, Türkmənistan Xəzəryanı beş dövlətin hökumət başçılarının müavinləri səviyyəsində Xəzər dənizinin dayazlaşması üzrə komissiyanın yaradılmasını dəstəkləyir. Onun sözlərinə görə, bu komissiya obyektiv elmi məlumatlar əsasında dayazlaşma probleminin həlli üçün razılaşdırılmış tədbirlər hazırlamalıdır.
“Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsinin tərəfdarıyıq”, – deyə Türkmənistan Prezidenti vurğulayıb.
Bundan əlavə, Sərdar Berdiməhəmmədov komissiya nəzdində beş ölkənin alimləri, ekspertləri və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ixtisaslaşmış işçi qruplarının yaradılmasını təklif edib. Türkmənistan həmçinin Xəzər dənizinin su ehtiyatlarının qorunmasına dair dövlətlərarası proqramın hazırlanmasını dəstəkləyir və dənizin bioloji ehtiyatlarının qorunmasının vacibliyini diqqətə çatdırır.





