Oktyabrın 11-i bütün dünyada Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd edilir. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2011-ci ilin dekabrında qız uşaqlarının hüquqlarının tanınması və onların üzləşdiyi problemlərə diqqət çəkilməsi məqsədilə elan olunub.
Denizxeber.az bildirir ki, hazırda dünyada 600 milyonu yeniyetmə qızlar olmaqla, ümumilikdə 1 milyard gənc yaşayır. Lakin qız uşaqları hələ də təhsil, sağlamlıq və sosial imkanlar sahəsində gender ayrı-seçkiliyi və təzyiqlərlə qarşılaşırlar. UNESCO-nun məlumatına görə, 1995-ci ildən bəri qızların məktəb təhsili ilə əhatə olunması 73 faizdən 89 faizə yüksəlsə də, dünyada 133 milyon qız hələ də məktəbdən kənarda qalır.
Bu il Beynəlxalq Qız Uşaqları Günü “Uşaq nikahlarına son qoyun və qızların hüquqlarına sərmayə qoyun” mövzusuna həsr olunub. Təşkilatçılar qızların təhlükəsizliyinə, keyfiyyətli təhsilinə və potensialının reallaşdırılmasına yatırılan investisiyaların daha ədalətli və firavan gələcəyin təməli olduğunu vurğulayırlar.





