Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub – FOTO

66

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev görüşdən sonra onlayn formatda Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışını ediblər.

Dövlət başçılarına bildirilib ki, “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə çəkilən təxminən 380 kilometrlik kabel xətti saniyədə 400 terabitdən çox məlumat ötürmə qabiliyyətinə daxildir. Layihənin istismara verilməsi Orta Dəhlizin təkcə nəqliyyat-logistika deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyətini artıracaq. Yeni marşrut Çin və Mərkəzi Asiya ölkələrindən gələn məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan üzərindən, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsini təmin edəcək.