Moskva–Bakı marşrutu üzrə kruiz səfərləri mümkün olacaqmı? Ekspert layihənin reallığını qiymətləndirib

49

Bir neçə gün əvvəl KİV-də yaxın vaxtlarda Moskva ilə Bakı arasında kruiz gəmiçiliyinin təşkil olunacağı barədə məlumat yayılıb.

Denizxeber.az bildirir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov məlumat verib.

Onun sözlərinə görə, səyahətin müddəti orta hesabla 14 gün təşkil edəcək. Bunun yeddi günü bir istiqamətə, digər yeddi günü isə geri dönüşə sərf olunacaq.

Hakimov qeyd edib ki, söhbət “lüks” sinifli kruiz gəmisindən gedir. Layihəyə dövlət dəstəyi nəzərdə tutulub. Belə ki, gəminin inşası, xüsusilə də Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiyalaşdırılır.

Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər belə bir səyahət imkanını böyük maraqla qarşılasalar da, digərləri kruiz gəmisinin Moskvaya necə çatacağını sual altına alaraq bunun texniki baxımdan mümkün olmadığını bildiriblər.

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikirlərini öyrənmişik.

Rauf Ağamirzəyev xatırladıb ki, 2019-cu ildə də Xəzər–Qara dəniz marşrutu üzrə kruiz gəmilərinin Volqa-Don kanalı vasitəsilə hərəkət edəcəyi və daha sonra Xəzəryanı şəhərlər arasında səfərlər həyata keçirəcəyi barədə oxşar məlumat yayılmışdı. İndi isə Bakı ilə Moskva arasında yeddi günlük kruiz səfərlərinin təşkil olunacağı ilə bağlı yeni xəbər gündəmə gəlib.

Ekspert bildirib:

“Burada bir neçə mühüm məqam var. İlk növbədə, Xəzər dənizinin dayazlaşması problemi ən çox onun şimal sahillərində, yəni Rusiya sahillərində hiss olunur. Həmin ərazilərdə dibdərinləşdirmə işlərinin aparılması zəruridir. Bundan əlavə, Volqa-Don kanalında və Volqa çayının mənsəbində də əlavə işlər görülməlidir.

İkinci məqam ondan ibarətdir ki, Xəzərin şimal hissəsi daha dayaz olduğuna görə qış aylarında həmin ərazilər daha tez donur. Yəni layihə həyata keçirilsə belə, onun mövsümi xarakter daşıması ehtimalı yüksəkdir”.

Rauf Ağamirzəyevin sözlərinə görə, üçüncü və ən mühüm məsələlərdən biri təhlükəsizliklə bağlıdır. Son bir il ərzində Rusiyanın sahil sularında gəmilərə dron hücumları ilə bağlı insidentlər baş verib.

“Buna görə də hesab edirəm ki, əvvəlcə qeyd etdiyim problemlər öz həllini tapmalıdır. Yalnız bundan sonra layihənin nə vaxtsa fəaliyyətə başlaması mümkün ola bilər. Hazırkı vəziyyətdə isə bu təşəbbüs real görünmür”, – deyə ekspert vurğulayıb.

Rauf Ağamirzəyev, həmçinin Xəzər dənizində şərq–qərb istiqamətində sərnişin daşımalarının inkişaf etdirilməsinin tamamilə mümkün olduğunu və bunun insanlar üçün ciddi alternativ yarada biləcəyini bildirib.

“Hazırda Qazaxıstana hava yolu ilə səfər etmək, eləcə də bərə vasitəsilə yük daşımaq imkanlarımız var. Bəzi gəmilər sərnişinlərin daşınmasını da nəzərdə tutur. Lakin şəhərin mərkəzindən, məsələn, bulvardan və ya Dəniz Vağzalından birbaşa Aktauya sərnişin marşrutunun təşkil edilməsi çox yaxşı olardı.

Həmçinin hava şəraiti ilə bağlı riskləri nəzərə alsaq, şəhər daxilində yerləşən limandan yola düşmək bu risklərin idarə olunmasını asanlaşdırar. Hava şəraiti ilə əlaqədar hər hansı problem yaranarsa, Bakı və Aktau şəhərlərində gecələmək üçün hotellər, hostellər və digər imkanlar mövcuddur”, – deyə ekspert izah edib.

Ağamirzəyev qeyd edib ki, hazırda yük gəmiləri əsasən şəhərdən bir qədər kənarda yerləşən Ələt limanından hərəkət edir. Bu isə turizm baxımından marşrutun cəlbediciliyini müəyyən qədər azalda bilər.

Ekspert gələcəkdə Türkmənistanın da bu istiqamətdə potensialını artırdığını diqqətə çatdırıb. Bununla belə, viza rejimi və digər məsələlərin həlli vacibdir.

Onun sözlərinə görə, Türkmənbaşı şəhərinin yaxınlığında yerləşən Avaza kurort zonası mühüm turizm obyektidir. Azərbaycanda isə Bakı bulvarı və gələcəkdə Seabreeze ərazisində formalaşa biləcək turizm istiqaməti nəzərə alınmaqla, bu cür marşrutların yaradılması perspektivdə daha real görünür.

“Bütün bunlara müxtəlif nəqliyyat marşrutlarının təşkili imkanları kimi yanaşmaq olar. Bu marşrutlar həm mövsümi, həm də gündəlik hava şəraitindən asılı olaraq fəaliyyət göstərə bilər.

Xəzər dənizində ildə təxminən 90 gün küləkli hava müşahidə olunur. Lakin bu, həmin günlərin hamısında gəmi hərəkətinin tamamilə dayanması demək deyil. Bəzi hallarda gecikmələr bir neçə saat davam edir, daha sonra nəqliyyat əlaqəsi bərpa olunur. Tam dayanma isə yalnız müəyyən günlərdə baş verir.

Yəni hərəkət qrafikində dəyişikliklər ola bilər, lakin daşımaların təşkili mümkündür. Mən şərq–qərb istiqamətində sərnişin marşrutunu daha real hesab edirəm. Kruiz gəmilərinə gəldikdə isə yuxarıda qeyd etdiyim problemlər öz həllini tapmalıdır”, – deyə Rauf Ağamirzəyev fikirlərini yekunlaşdırıb.

Aydındır ki, Azərbaycan və Rusiya arasında su nəqliyyatı turizminin təşkili ideyası böyük maraq doğurur. Lakin bu təşəbbüsün reallaşdırılması hələlik daha uzaq perspektivin məsələsidir.

Hazırkı mərhələdə isə regionun turizm sektorunun inkişafı üçün şərq–qərb istiqamətində mövcud olan, daha praktik və əlçatan nəqliyyat marşrutlarının genişləndirilməsi daha real imkanlar yaradır.