BMT Liviyanın Benqazi limanında və sahilləri yaxınlığında gəmilərə hücumları pisləyib

28

Birləşmiş Millətlər Təşkilatı (BMT) bazar ertəsi Liviyanın Benqazi limanında və şəhərin sahilləri yaxınlığında gəmilərə edilən hücumları pisləyib.

Denizxeber.az bildirir ki, BMT Liviyaya Dəstək Missiyası (UNSMIL) bəyanatında Liviyanın suverenliyinə və vətəndaşlarının təhlükəsizliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Missiya hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və hadisəni törədən şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə dərhal, müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb.

Bəyanatda hücumlarla bağlı ciddi narahatlıq ifadə olunub.

Qeyd edək ki, bundan əvvəl Benqazi sahillərində daha iki gəminin pilotsuz dəniz aparatlarının hücumuna məruz qaldığı bildirilmişdi. Liviyanın şərqindəki hakimiyyət orqanlarının məlumatına görə, hücumlardan biri Rusiya gəmisinə qarşı Benqazi hərbi-dəniz bazasında, digəri isə şəhər sahilləri yaxınlığında baş verib. Hadisələr nəticəsində ticarət gəmisinin bir neçə ekipaj üzvü xəsarət alıb. Bəzi yerli mənbələr hərbi-dəniz bazasında sursat partlayışı baş verdiyini də açıqlamışdı.