“Balakən” gəmi-bərəsinin sorağı yenə Xəzərin hər iki sahilindən gələcək

1331

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Mətbuat xidmətinin məlumatı.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nin “Balakən” gəmi-bərəsi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb. Hazırda  tərsanədə olan gəmi-bərənin təmir işləri “Zığ” Gəmi Təmiri Zavodunun mütəxəssisləri ilə birgə aparılır.

Artıq xeyli iş görülüb. Belə ki, gəminin matavozları təmir olunub, təkərləri dəyişdirilib, sualtı gövdə hissəsinin  təmizlənməsi və rənglənməsi başa çatdırılıb.

Hazırda gəminin  avar valının təmirinə başlanılıb. Onun  sükan qurğusuna da baxış keçiriləcək.

Təmir işlərinin  yaxın günlərdə başa çatdırılması nəzərdə tutulan gəmi-bərə müvafiq yoxlanışdan uğurla keçdikdən sonra yenidən açıq dənizə qaytarılacaq.

Xorvatiyanın Ulyanik tərsanəsində inşa edilən “Balakən” gəmi-bərəsi  2012-ci ildə istismara verilib. Uzunluğu 155, eni 18 metr olan gəmi-bərə hər səfərdə göyərtəsində  54 vaqon götürə bilir.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Gəmiçiliyin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik Bakı Gəmiqayırma Zavodunda 2 unikal “Ro-Pax” tipli gəmi-bərənin tikintisi barədə sifariş yerləşdirib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması maneəsiz həyata keçiriləcək. Bərələrin sayının artırılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.