Gəmiqayıranlar üçün yeni imkanlar

277

Dənizlərin sahil zonasında və okeanda stasionar və üzən infrastruktur obyektlərinin çeşidinin genişləndirilməsi gəmiqayıranlar üçün yeni imkanlar açır.

“Seanews.az”  xəbər verir ki, yaxın vaxtlara qədər yardımçı donanmaların fəaliyyəti şelf zonasında qazma platformalarına xidmət funksiyaları ilə məhdudlaşırdısa, dəniz külək elektrik stansiyalarının yaradılması ixtisaslaşdırılmış gəmilərin yeni layihələrinin işlənib hazırlanmasını tələb edirdi. “Təmiz” elektrik enerjisinə tələbatın daha da artması stasionar və üzən külək turbinlərinin personalının daşınması üçün gəmilərin tikintisinə sifarişlərin həcminin artmasına kömək edəcək.

Belə ki, ABŞ federal administrasiyasının planlarına uyğun olaraq, ölkədə dəniz külək stansiyalarının köməyi ilə elektrik enerjisini 2030-cu ilədək 30 QVt-a, 2050-ci ilədək isə bu rəqəmi 110 QVt-a çatdırmaq nəzərdə tutulur. Bu o deməkdir ki, cəmi səkkiz il ərzində onun quraşdırılması və sonrakı təmiri üçün müvafiq avadanlıq və ixtisaslaşmış gəmilər istehsal edən şirkətlərə milyonlarla dollar qazanc vəd edən genişmiqyaslı iş görülməlidir.

Bu günə qədər ABŞ-ın sularında quraşdırılmış külək stansiyalarının ümumi gücü təxminən 42 MVt təşkil edir. Bunlardan 30 MVt-ı  Rod-Aylənd ştatındakı “Block Island Wind Farm” generatorları tərəfindən, digər 12 MVt-ı isə “Coastal Virginia Offshore Wind” (“CVOW”) layihəsinin bir hissəsi kimi istehsal olunur. Hər iki külək stansiyaları ölkənin Atlantik sahillərində yerləşir.

Proqram ən qısa müddətdə yalnız texniki işçiləri deyil, həm də təmir avadanlığı daşıya bilən yüngül STV gəmilərinin bütün donanmasının qurulmasını tələb edir. ABŞ hökuməti ekspertlərinin ilkin hesablamalarına görə, hər il bu tip 10 gəmi tikmək lazım gələcək.

Artıq ABŞ-ın gəmiqayırma şirkətləri arasında STV gəmilərinin tikintisi üçün müqavilələrin cəlb edilməsi uğrunda rəqabət güclənib və bu, bir sıra yeni layihələrin yaranmasına səbəb olub.

Tipik STV gəmisi alüminium gövdəli, 25-30 metr uzunluğunda, suya maksimum oturumu 2,5 metr olan nisbətən kiçik katamarandır. O, sahildən çox da uzaqlaşmadan (50 km-dək) nisbətən kiçik məsafələrdə istismar üçün nəzərdə tutulub.

 “Gladding-Hearn Shipbuilding” şirkəti xüsusilə, “Mayflower Wind” korporasiyası üçün üç STV gəmisi tikməyi planlaşdırır.

 “Blount Boats” gəmiqayırma şirkəti isə “American Offshore Services” operatoru üçün bu tip dörd gəminin tikintisinə dair müqavilə imzalayıb.

Maraqlıdır ki, indiyədək “təmiz” elektrik enerjisi istehsalına xidmət etmək üçün sifariş edilmiş bütün STV gəmilərinin ənənəvi yanacaqla işləyən dizel mühərrikləri (əsasən “Volvo Penta”) ilə təchiz edilməsi nəzərdə tutulur. Daha qəribəsi budur ki, metanolla işləyən STV gəmisi layihəsi artıq bazarda peyda olub.