Şinzo Abe: Yüngül aviadaşıyıcı gəmilər Yaponiyaya özünümüdafiə üçün lazımdır

549

Yaponiya hərbi-dəniz qüvvələrinin yüngül aviadaşıyıcı gəmilərlə təchiz edilməsi ölkəyə minimal özünümüdafiə üçün zəruridir.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş naziri Şinzo Abe bu cür bəyanatla yanvarın 30-da parlamentin aşağı palatasında təşkil edilən debatlar zamanı çıxış edib.

“İzumo” helikopterdaşıyan gəminin aviadaşıyıcı kimi yenidən qurulması barədə sualı cavablandıran Ş.Abe deyib: “Bütün bunlar ölkənin minimal müdafiəsinin təşkili çərçivəsindədir”. Baş nazirin sözlərinə görə, bu tədbirlər yapon adaları yaxınlığında aviasiyanın hərəkətini təmin etmək məqsədinə xidmət edir və təcavüz xarakteri daşımır.

Ötən ilin dekabrında Yaponiya hökuməti yeni müdafiə proqramını təsdiq edib. Həmin proqram “İzumo” və Kaqa” helikopterdaşıyan gəmilərin aviadaşıyıcı kimi yenidən qurulmasını nəzərdə tutur. Bu gəmilər üçün ABŞ-dan qısa uçuş məsafəsinə və şaquli enmə qabiliyyətinə malik 18 çoxməqsədli hərbi təyyarə alınacaq.

Məlumat üçün qeyd edək ki, “İzumo” helikopterdaşıyan gəmisi 2015-ci ildə, “Kaqa” isə 2017-ci ildə Yaponiya hərbi-dəniz donanmasının tərkibinə daxil edilib. Bu gəmilərin sututumu 19,5 min ton, uzunluğu 248 metrdir. Onların hər biri 14 helikopter daşıyır və əməliyyat yerinə 470 hərbi qulluqçu çatdıra bilər. Yenidənqurmadan sonra bu gəmilərin hər birinin 10 hərbi təyyarə daşıyacağı bildirilir.

T© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır