İranın Ermənistana açdığı liman qapısı – İrəvan yeni alət rolunda – ŞƏRH

181

İran Ermənistana xidmət üçün daha bir qapı açıb. İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzalanıb. Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan bildirib ki, sənədə əsasən onlar İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcəklər.

Qeyd edilib ki, bundan sonra İrəvan sadələşdirilmiş qaydada İranın üç əsas limanından – Ənzəli, Bəndər Abbas, Çabahardan yararlanmaq imkanı qazanacaq.

Çabahar limanında ölkəsinin operator fəaliyyətindən danışan nazir müavini əlavə edib ki, bu məsələ Tehranla Yeni Delhi arasında müzakirə mərhələsindədir.

İranın Ermənistana belə bir lütfü, xüsusi ilə Xəzər sahilindəki Ənzəli limanından daha uyğun şərtlərlə istifadəsi nə ilə bağlıdır?

Qeyd edək ki, İran, Hindistan və Ermənistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yaratmaqla Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat layihəsinə alternativ təqdim etməyə çalışırlar. Tehran bununla şaxələnən tranzit imkanlarını nümayiş etdirməyə səy göstərir.

Yer gəlmişkən, İran özünü həm də Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vacib ticarət tərəfdaşı sayır. Tərəflər arasında azad ticarət haqqında müqavilənin imzalanacağı planlaşdırılır.

2018-ci ildə İran və Aİİ arasında Preferensial Ticarət Sazişi (güzəştli ticarət sazişi) imzalansa da, sənəd 2019-cu il oktyabr 27-də qüvvəyə minib. Ancaq hələ də işlək vəziyyətdə deyil. Bu daha çox RF-İİR əməkdaşlığına töhfə verə bilər. İki ölkə arasında bu ilin ilk 10 ayında ticarət dövriyyəsinin ümumi həcmi 1,67 milyard dollar təşkil edib. Potensial imkanları və qarşılıqlı münasibətləri nəzərə alsaq, bu iki ölkə arasında çox kiçik rəqəm sayılır.

Bütün hallarda İran və Ermənistanın arzuları ilə imkanları uzlaşmadığından bir çox layihələr müzakirə səviyyəsini aşmır.

İran hakimiyyətinin buna iqtisadi, maliyyə, siyasi potensialı yetərli sayılmır. Bir sıra istiqamətlər üzrə, o cümlədən siyasi və hərbi rəsmilərinə, şirkətlərinə, neft-təbii qaz sahələrinə sanksiyalar tətbiq edildiyindən, habelə yürütdüyü daxili və xarici siyasət səbəbindən riskli ölkə halına gəlib. Məsələn, İranla Azərbaycan arasında uyğun infrastrukturun, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsi 20 ildən artıqdır reallaşmır. Riskli ərazi olduğundan, eləcə də, maliyyə çatışmazlığı səbəbindən onun tranzit yollarının şaxələnməsi mərkəzinə çevrilməsi imkanı məhdudlaşır. Bu halda İrəvanın “sülh kəsişməsi” layihəsi də arzu olaraq qalır.

Belə bir vəziyyətdə Ermənistanla İran arasında infrastruktur layihələr reallaşa bilər. Deməli, Hindistan İrandan Ermənistana müxtəlif məhsullar, eləcə də hərbi texnika daşıya bilər. Cənubi Qafqazın bu ölkəsi dalan olduğundan onun ərazisindən xaricə, Avropaya çıxış mümkünsüzdür.

Gürcüstandan keçən Yuxarı Lars yolu indiki şəraitdə Ermənistanın qapısı sayılır. Bunu da mövsümi saymaq olar. Onun təkcə Rusiyadan uzaqlaşmasına deyil, ümumiyyətlə gələcək inkişafı üçün yol məsələsi vacibdir. Ənzəli limanı Mərkəzi Asiya, xüsusilə Türkmənistan, Qazaxıstanla əlaqələr saxlamaq üçün yaralı ola bilər. Bu iki ölkənin Ermənistanla münasibətləri həmişə normal olub.

Türkmənistan və Qazaxıstan onun neft-qaz tərəfdaşı sayılıb. Yeni şəraitdə bu istiqamətdə ticarət dövriyyəsi arta bilər. Bu həm də Rusiyadan kənar keçməklə yük daşımasını asanlaşdırar. Tehran Ənzəli limanını Rusiya üçün alternativ olaraq görməsə də, Ermənistandan Moskvaya qarşı çəkindirici alət kimi perspektivdə yararlana bilər. Çünki RF və İİR üzləşdikləri vəziyyətə görə rəqib ola bilmir. Bu səbəbdən onlarla neft, təbii qaz sahəsində ticarəti genişləndirir. İranın bu istiqamətdə imkanı məhdud olduğundan tranzit yollar təklif edir.

Bu baxımdan İranın Ermənistana təqdim etdiyi limanlar, o cümlədən Ənzəli Xəzərdən keçəcək Orta dəhliz üçün alternativ kimi görülür, yaxud o, layihənin reallaşmasına maneə kimi irəli sürülür. Çünki Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması rəsmi İrəvan üçün xilasdır. O, bununla asılılıqdan – kənar qüvvələrin əlində alət olmaqdan qurtula, həm də qazana bilər. Bu baxımdan Ermənistana 3 limandan istifadə imkanı ondan iki istiqamətdə istifadə etmək ehtimalı yarada bilər. Başqa sözlə, Tehranın İrəvana limanlar təklifi daha çox avantüraya oxşayır. Bütün cəhətlər üzrə vurnuxan Ermənistanın oxu daha çox İran üzərində dayanır. Atalar sözüdür: “Acın canı yalançının əlindədir”.