Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.
“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti tədbirlər Bakı şəhəri Suraxanı rayonunun Qum adası bağlar yaşayış sahəsində, Neftçala rayonunun Həsənabad qəsəbəsində, Astara rayonunun Qamışoba kəndində, Xaçmaz rayonunun Tikanoba kəndində, eləcə də Mingəçevir Su Anbarının Samux rayonunun sahilinə düşən hissəsində təşkil edilib.
Tədbirlər zamanı kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə ətraflı məlumat verilib.
Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, həmin su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, eləcə də naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda iştirakçılara kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları barədə maarifləndirici broşürlər paylanılıb.
FHN.









