“Biz dənizçilərin çoxu xaricdə işləyirik və ən azı 6 ay ölkədə olmuruq. Diplom dəyişərkən və alarkən imtahan sualları çətin olduğundan bir neçə dəfə kəsilmək mümkündür. İmtahanlar isə ayda bir dəfə keçirildiyi üçün vaxt itiririk və işimizi itirə bilirik”.
Bu şikayətlə “Qafqazinfo”ya Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kollecinin məzunları müraciət ediblər.
Kapitanın baş köməkçisi Bəhruz Sadıqzadə bildirib ki, son illərdə onların peşə imkanları məhdudlaşdırılıb. Onun sözlərinə görə, təhsil proqramları Azərbaycan Dövlət Dəniz Akademiyası ilə uyğun olub və dərslər Beynəlxalq Dəniz Təşkilatının (IMO) müəyyən etdiyi STCW-78/95 konvensiyasının tələblərinə əsasən keçirilib:
“Əvvəllər müvafiq imtahanlardan keçərək kapitan, baş mühəndis və digər yüksək vəzifələrdə işləmək imkanı əldə edirdik. Lakin Dövlət Dəniz və Liman Agentliyi 2022-ci ildən bu hüquqları məhdudlaşdırıb, 2024-cü ildən isə daha aşağı vəzifələrlə kifayətlənməyə məcbur edib. Hazırda kollec məzunları yalnız növbə köməkçisi və növbə mühəndisi vəzifələrində çalışa bilir”.
Dənizçilərin iddiasına görə, bu qərarların hüquqi əsasları onlara təqdim olunmayıb və tətbiq edilən dəyişikliklər beynəlxalq standartlarla ziddiyyət təşkil edir. Onlar həmçinin imtahan sistemindəki yeniliklərdən narazıdırlar. Bildirilir ki, əvvəllər həftədə bir dəfə keçirilən imtahanlar hazırda ayda bir dəfə təşkil olunur ki, bu da xaricdə çalışan dənizçilər üçün ciddi çətinlik yaradır.
Şikayətçilər əlavə olaraq təcrübə tələblərini də sərt və məntiqsiz hesab edirlər. Onların sözlərinə görə, 24 aylıq stajla yanaşı, 3000 GRT və 3000 kVt kimi əlavə göstəricilərin tələb olunması praktik baxımdan problemlər yaradır.
Məsələ ilə bağlı Dövlət Dəniz və Liman Agentliyi bildirir ki, dənizçilərin sertifikatlaşdırılması beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Qurumun açıqlamasına görə, diplomlar yalnız üzmə stajı, yaş, sağlamlıq vəziyyəti, təhsil və peşə hazırlığı üzrə tələblərə tam cavab verən şəxslərə təqdim olunur.
Agentlik vurğulayır ki, “Təhsil haqqında” Qanuna əsasən orta ixtisas təhsili icraedici səviyyəli mütəxəssislərin hazırlanmasına xidmət edir, idarəetmə və qərarvermə səriştələri isə ali təhsil pilləsində formalaşdırılır. Bu səbəbdən iri tonnajlı gəmilərdə kapitan, baş köməkçi və baş mexanik kimi vəzifələrə yalnız ali təhsilli, yüksək ixtisaslı mütəxəssislər buraxıla bilər.
Beynəlxalq Dəniz Təşkilatının tələblərinə əsasən, 3000 və daha çox qross tonnajlı gəmilərdə və ya 3000 kVt-dan yuxarı mühərrik gücünə malik gəmilərdə idarəetmə səviyyəsində çalışmaq üçün geniş nəzəri və praktiki biliklər tələb olunur. Bu biliklərə risklərin idarə olunması, fövqəladə hallarda qərarvermə və insan resurslarının idarə edilməsi kimi vacib bacarıqlar daxildir.
Bu səriştələrin yalnız geniş və dərinləşdirilmiş ali təhsil proqramları çərçivəsində formalaşdırılması mümkündür. Orta ixtisas təhsili bu səviyyəni təmin etmədiyindən, həmin məzunların birbaşa idarəetmə vəzifələri üzrə imtahanlara buraxılması beynəlxalq öhdəliklərin pozulmasına səbəb ola bilər.
Eyni zamanda imtahanların ayda bir dəfə keçirilməsi beynəlxalq təcrübəyə uyğun olaraq qiymətləndirmə keyfiyyətinin artırılması məqsədi daşıyır.
Beləliklə, tərəflər arasında yaranmış narazılıq əsasən təhsil səviyyəsi, sertifikatlaşdırma tələbləri və imtahan mexanizmləri ilə bağlı yanaşma fərqlərindən qaynaqlanır.






