Barja ilə xilasedilən balina dənizə qaytarıldı

110

Almaniyanın Baltik dənizi sahillərində təxminən bir ay dayaz sularda qalan qozbel balina barja vasitəsilə açıq sulara çıxarılaraq Şimal dənizinə buraxılıb.

DPA agentliyinin məlumatına görə, xilasetmə əməliyyatında iştirak edən könüllülər səhər saatlarında balinanın artıq barjada olmadığını bildiriblər. Əməliyyatı müşayiət edən Yens Şvarkın sözlərinə görə, heyvan saat 09:00 radələrində suya buraxılıb.

Gəmi həmin vaxt Skagen burnundan təxminən 70 kilometr aralıda, Skagerrak boğazında yerləşib. Dron görüntülərində suda hərəkət edən balina müşahidə edilsə də, bunun eyni heyvan olub-olmadığı hələlik dəqiq təsdiqlənməyib.

Mütəxəssislər balinanın vəziyyətinin ağır olduğunu bildirirlər. Dəniz bioloqu Fabian Riter qeyd edib ki, uzun müddət dayaz sularda qaldıqdan sonra onun normal şəkildə üzə və qidalana bilməsi sual altındadır. Heyvanın ağzında tor qalıqlarının aşkarlanması da əlavə narahatlıq yaradır. “Whale and Dolphin Conservation” təşkilatının məlumatına görə, balinanın sağ qalma ehtimalı çox aşağıdır.

Təxminən 15 ton çəkisi olan və “Timmi” adlandırılan balina ilk dəfə martın 23-də Almaniyanın Timmendorfer-Ştrand sahillərində aşkar edilib. Sonrakı günlərdə bir neçə dəfə açıq sulara çıxmağa cəhd etsə də, yenidən dayazlığa qayıdıb.

Aprelin sonunda xilasedicilər əməliyyat strategiyasını dəyişərək heyvanın barja ilə daşınmasına qərar veriblər. Bu üsulla balina daha dərin sulara çıxarılaraq azad edilib.