Dənizçilər üçün sistem maliyyə sıxıntısında

141

“Human Rights at Sea” təşkilatının keçirdiyi rəsmi sorğunun nəticələrinə əsasən, Avstraliya limanlarında dənizçilərə xidmət göstərən sosial müdafiə mərkəzlərində maliyyə və resurs çatışmazlığı müşahidə olunur.

Məlumata görə, hər il ölkə limanlarına 500 mindən çox dənizçinin daxil olmasına baxmayaraq, onlara tibbi yardım, hüquqi dəstək, internet və nəqliyyat kimi zəruri xidmətləri göstərən mərkəzlər əsasən könüllü fəaliyyətə əsaslanır.

Sorğunun nəticələri göstərir ki, kadr çatışmazlığı və büdcə məhdudiyyətləri səbəbindən bir çox mərkəz iş saatlarını azaltmağa məcbur qalır, iş vaxtının əhəmiyyətli hissəsi isə xidmətlərin təşkili əvəzinə ianə toplama fəaliyyətinə yönəlir.

Mütəxəssislər mövcud modelin struktur baxımından yetərsiz olduğunu bildirərək, dənizçilərin rifahının təmin edilməsi üçün milli səviyyədə dəstəklənən və dayanıqlı maliyyələşmə mexanizminin yaradılmasının vacibliyini vurğulayırlar. Bu çərçivədə Yeni Zelandiya modelinə bənzər, gəmiçilik şirkətlərindən toplanan rüsumlar hesabına formalaşan dövlət dəstəkli sistemin tətbiqi təklif olunur.

Belə bir mexanizm mərkəzlərin kadr təminatını gücləndirə, iş qrafikini genişləndirə və dənizçilərə göstərilən tibbi və psixoloji xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

Seanews.az