Hörmüz böhranı böyüyür: aviaşirkət dayandı

83

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması və İranın neft hasilatını azaltmaq qərarı qlobal enerji bazarlarında gərginliyi artıran əsas amillər kimi qiymətləndirilir.

OPEC kvotaları çərçivəsində dünya neft tələbatının təxminən 13 faizini təmin edən BƏƏ 1967-ci ildən təşkilatın üzvü olub. Rəsmi Əbu-Dabinin qərarı ölkənin enerji siyasətini daha müstəqil şəkildə həyata keçirmək niyyəti ilə izah edilir.

Eyni zamanda, ABŞ tərəfindən İran limanlarına tətbiq edilən məhdudiyyətlər nəticəsində ölkənin neft ixrac imkanları ciddi şəkildə daralıb. Bu səbəbdən İran hasilatın azaldılması qərarı verib. Bildirilir ki, mövcud infrastruktur – anbarlar, terminallar və dənizdəki tanker tutumları – artıq dolu vəziyyətdədir və əlavə həcmlərin saxlanması çətinləşib.

“Reuters” agentliyinin məlumatına əsasən, bazarda mümkün neft qıtlığının qarşısını almaq məqsədilə OPEC tərəfindən hasilatın artırılması məsələsi nəzərdən keçirilir və yaxın günlərdə müvafiq qərarın açıqlanacağı gözlənilir.

Mövcud vəziyyət fonunda İran bəzi yataqlarda fəaliyyətin qismən dayandırılmasına məcbur olub. Ekspertlər qeyd edirlər ki, bu yataqların yenidən istismara qaytarılması texniki baxımdan mürəkkəb və yüksək maliyyət tələb edən prosesdir.

Bununla yanaşı, regionda davam edən gərginlik beynəlxalq nəqliyyat və aviasiya sektoruna da təsir göstərir. Yanacaq qiymətlərinin artması bir sıra şirkətlərin fəaliyyətinə mənfi təsir edib və əlavə maliyyə təzyiqləri yaradıb.

Hazırkı mərhələdə tərəflər arasında diplomatik səylər davam etsə də, vəziyyət qeyri-müəyyən olaraq qalır və enerji bazarlarında dalğalanmaların davam edəcəyi istisna edilmir.