Yeni konteyner gəmisi üçün Süveyş marşrutu

84

Süveyş Kanalı Rəhbərliyi (SCA) marşrutun təhlükəsizliyinə inamı gücləndirmək məqsədilə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyən konteyner gəmilərindən birinin kanaldan keçdiyini açıqlayıb.

Sinqapur bayrağı altında üzən “CMA CGM Grand Palais” gəmisi Çində inşası tamamlandıqdan sonra ilk səfərinə çıxaraq Aralıq dənizi istiqamətində hərəkət edib. 400 metr uzunluğa və 23 876 TEU konteyner tutumuna malik gəmi hazırda dünyanın ən iri LNG ilə işləyən konteyner gəmilərindən biri hesab olunur.

SCA sədri Osama Rabie bildirib ki, “CMA CGM” şirkəti ilə uzunmüddətli əməkdaşlıq davam edir və kanalın cəlbediciliyini artırmaq üçün müəyyən tarif güzəştləri də tətbiq olunub. Onun sözlərinə görə, bu cür iri gəmilərin keçidi Süveyş Kanalının strateji əhəmiyyətini və etibarlılığını bir daha nümayiş etdirir.

Bununla belə, “Maersk” və “Hapag-Lloyd” kimi bəzi böyük gəmiçilik şirkətləri təhlükəsizlik risklərini əsas gətirərək alternativ marşrutlardan istifadəni davam etdirir.

Eyni zamanda, dəniz turizmi sektorunda da canlanma müşahidə olunur. “Crystal Cruises” şirkətinə məxsus “Crystal Serenity” kruiz gəmisinin yaxın günlərdə turistlərlə birlikdə Süveyş Kanalından keçməsi planlaşdırılır.

Seanews.az