Hörmüz böhranı: gəmi izləmə xidməti pulsuz oldu

100

Yaponiyanın “Weathernews” şirkəti Hörmüz boğazındakı gərginliklə əlaqədar özünün “SeaNavigator” platformasında Yaxın Şərq suları üçün gəmi izləmə və hava proqnozu məlumatlarını müvəqqəti olaraq ödənişsiz edib.

Bu addım gəmi sahibləri və operatorlara bölgədəki geosiyasi qeyri-sabitlik, həmçinin “şimal” kimi tanınan güclü mövsümi küləklər fonunda naviqasiya risklərini daha səmərəli idarə etməyə kömək məqsədi daşıyır.

Xidmət çərçivəsində Fars körfəzi, Qırmızı dəniz və Qərbi Hindistandakı 140-a yaxın limanı əhatə edən canlı gəmi mövqeləri, dalğa proqnozları və lokal hava məlumatları təqdim olunur.

“MarineTraffic” və “Weathernews”un xüsusi proqnoz sistemlərini birləşdirən platforma yeddi günlük qabaqcadan məlumat verməklə gəmilərin toqquşma və oturma kimi qəzalardan qorunmasına şərait yaradır. Şirkət bu təşəbbüslə dənizçilərin həyatını xilas etmək və beynəlxalq logistikanın davamlılığını təmin etmək missiyasına sadiq qaldığını bəyan edib.

Seanews.az