ADDA-da üzgüçülük yarışı

217

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 30 illik, Azərbaycanda dənizçilik təhsilinin isə 145 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində xüsusi təyinatlı və texniki yönümlü ali təhsil müəssisələrinin tələbələri arasında üzgüçülük üzrə idman yarışı təşkil edilib.

Yarış Azərbaycan İdman Akademiyasının (ASA) üzgüçülük hovuzunda keçirilib. Tədbirdə ADDA, Azərbaycan İdman Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Heydər Əliyev adına Hərbi İnstitut və Milli Aviasiya Akademiyasını təmsil edən ümumilikdə 40-a yaxın tələbə iştirak edib.

Tədbir ali təhsil müəssisələrinin parad keçidi ilə başlayıb. Açılış mərasimində ASA-nın prorektoru Rizvan Əliyev və ADDA-nın prorektoru İradə Süleymanova çıxış edərək iştirakçılara uğurlar arzulayıb, yarışın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıblar.

Yarış fərdi və komanda növləri üzrə təşkil olunub. Fərdi yarışda 7 ali təhsil müəssisəsindən 20 tələbə mübarizə aparıb. Komanda yarışında isə 5 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Qaliblər məsafəni ən qısa vaxtda qət edən iştirakçılar əsasında müəyyənləşdirilib.

Fərdi yarışın nəticələri:

  • I yer – Abdurrəhman Rüstəmov (Azərbaycan İdman Akademiyası)
  • II yer – Səid Həmidov (Azərbaycan İdman Akademiyası)
  • III yer – Səfər Yusubov (Azərbaycan İdman Akademiyası)

Komanda yarışının nəticələri:

  • I yer – Azərbaycan İdman Akademiyası
  • II yer – Milli Aviasiya Akademiyası
  • III yer – Heydər Əliyev adına Hərbi İnstitut

Qaliblər diplom və mükafatlarla təltif olunublar.

Tədbir Azərbaycan Dövlət Dəniz Akademiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

ADDA.