“Xəzərin sahilində” bilik yarışı keçirilib

140

Mayın 11-də QHT Agentliyinin dəstəyi ilə Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində “Xəzərin sahilində” adlı intellektual çempionat təşkil olunub.

“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi, “İsmayıllı İntellektual Oyunlar Klubu” və Odlar Yurdu Universitetinin birgə tərəfdaşlığı ilə Dənizkənarı Milli Parkda keçirilən tədbirin açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi Məleykə Tağızadə iştirakçılara uğurlar arzulayıb və gəncləri WUF13-də fəal iştiraka çağırıb.

“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin sədri Azad Manaflı bildirib ki, layihənin əsas məqsədi gənclər arasında intellektual oyunların inkişafını təşviq etmək, eyni zamanda şəhərsalma və memarlıq sahəsində maarifləndirməni gücləndirməkdir.

Beş mərhələdən ibarət çempionatda iştirakçılara şəhərsalma tarixi, memarlıq nümunələri, Azərbaycanın mədəni irsi və beynəlxalq təcrübə ilə bağlı suallar təqdim olunub.

Komandalar simvolik olaraq Azərbaycanın 12 şəhərinin adını daşıyıb.

Yarış həm iştirakçılar, həm də şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Gərgin mübarizə şəraitində keçən yarışın yekununda “Quba” komandası birinci olub. “Bakı” komandası ikinci, “Naxçıvan” komandası isə üçüncü yeri tutub. Qaliblərə hədiyyələr təqdim edilib.

Tədbir musiqi proqramı ilə başa çatıb.