Bakı Limanında konteyner dövriyyəsinin artırılması planlaşdırılır

138

Cari ilin sonunadək Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan konteynerlərin həcminin ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin baş direktoru Eldar Salahov Türkmənistanda inşa olunmuş “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimində bildirib.

Onun sözlərinə görə, limanda konteyner dövriyyəsinin 13 min TEU-dan 120 min TEU-yadək yüksəldilməsi planlaşdırılır və həyata keçirilən tədbirlər bu hədəfə çatmağa imkan verəcək.

Eldar Salahov qeyd edib ki, Bakı Limanında artıq 7-ci körpü də istifadəyə verilib. Yeni körpü əsasən konteyner əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulub.

“Türkmənistan gəmisinin istismara verilməsi ilə yanaşı, 7-ci körpünün fəaliyyətə başlaması konteyner əməliyyatlarının daha sürətli və çevik idarə olunmasına xidmət edəcək”, – deyə o vurğulayıb.

Baş direktor əlavə edib ki, İtaliya istehsalı olan və 125 ton yükqaldırma qabiliyyətinə malik mobil liman kranının istifadəyə verilməsi də limanın yükaşırma imkanlarını artırır.

Onun sözlərinə görə, yeni kran konteynerlərin gəmilərdən daha operativ boşaldılmasına və gözləmə müddətinin azalmasına şərait yaradır.