Gəmiçilik inkişafı Orta Dəhlizdə rəqabəti gücləndirir

168

“Gadamly” yük gəmisi Türkmənistanda inşa olunaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanına daxil olan ilk gəmi kimi qiymətləndirilir.

Bunu beynəlxalq nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, Türkmənbaşı və Bakı limanları arasında yükdaşımalar əvvəllər də həyata keçirilsə də, “Gadamly” gəmisinin Bakı limanına yan alması Xəzər dənizində sağlam rəqabətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Rauf Ağamirzəyev qeyd edib ki, Xəzəryanı ölkələrin gəmiçilik təsərrüfatı nə qədər inkişaf edərsə, Orta Dəhlizin rəqabət qabiliyyəti və beynəlxalq yükdaşımalarda cəlbediciliyi də bir o qədər artacaq.

Onun sözlərinə görə, Xəzər dənizində ən qısa marşrut Bakı və Türkmənbaşı limanları arasındadır:

“Bu təxminən 300 kilometrlik məsafədir və gəmilər həmin yolu orta hesabla 12 saata qət edir. Azərbaycan ilə Türkmənistan arasında yükdaşımaların artması Orta Dəhlizin ümumi cəlbediciliyini artıran əsas amillərdəndir”.

Ekspert əlavə edib ki, Türkmənbaşı limanı Xəzər hövzəsində ən böyük yükqəbuletmə imkanına malik limanlardan biridir.

“Liman ildə 17 milyon ton yük və 400 min konteyner qəbul etmək gücünə malikdir. Hazırda digər ölkələrlə yanaşı, Türkmənbaşı limanında da dibdərinləşdirmə işləri aparılır və bu işlərin bir hissəsi artıq tamamlanıb”, – deyə o bildirib.