ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatına yalnız o halda başlayacaq ki, əməliyyat zamanı bölmələr atəşə məruz qalmasın.
Bu barədə ABŞ HDQ-nin qərargah rəisi admiral Deril Kodl Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib.
“Düşmən atəşi altında bu tapşırığın icrası mümkün deyil”, – deyə o vurğulayıb.
Kodl qeyd edib ki, ABŞ donanması regionda minatəmizləmə əməliyyatları üçün geniş texniki imkanlara malikdir, lakin bu prosesin həm mürəkkəb, həm də vaxt aparan xarakter daşıdığını bildirib.
Eyni zamanda, ABŞ kəşfiyyatının mart ayında Hörmüz boğazının İran tərəfindən minalana biləcəyi barədə məlumatlar əldə etdiyi qeyd olunub.
Məlumatda həmçinin fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı, İranın isə buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirdiyi və regiondakı ABŞ bazalarını hədəf aldığı iddia olunur.
Daha sonra tərəflərin aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına gəldiyi, lakin danışıqların sonrakı mərhələlərinin nəticəsiz qaldığı bildirilir.
ABŞ-nin İran limanlarına və Hörmüz boğazı üzərindən keçidə məhdudiyyətlər tətbiq etdiyi, İranın isə boğazı blokadaya aldığı iddia olunur. Bu gərginliklərin qlobal enerji bazarında ciddi dalğalanmalara səbəb olduğu qeyd edilir.




