Yeni təhsil modeli təqdim olundu

171

AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, eləcə də “TUM International GmbH”nin akademik dəstəyi ilə yaradılan “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TUM International GmbH”nin icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, beynəlxalq təcrübə universitetlər, innovasiya şirkətləri və biznes qurumları arasında əməkdaşlığın daha effektiv nəticələr verdiyini göstərir.

Nazirin sözlərinə görə, ali təhsil müəssisələrinin iqtisadiyyatın inkişafına və innovativ mühitin formalaşmasına daha böyük töhfə verməsi əsas hədəflərdəndir. O vurğulayıb ki, Almaniyanın aparıcı universitetləri və innovasiya şirkətləri ilə əməkdaşlıq Azərbaycan gənclərinin gələcəyinə mühüm töhfə verir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə qeyd edib ki, AZSET Azərbaycanda sənaye və ali təhsil arasında beynəlxalq standartlara əsaslanan yeni əməkdaşlıq modeli formalaşdıracaq.

Nazir bildirib ki, tələbələr ölkədən kənara çıxmadan Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun təhsil alacaq, həmçinin AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərlə birbaşa işləyərək real layihələrdə praktiki təcrübə qazanacaqlar.

“TUM International GmbH”nin icraçı direktoru Friederike Hettinger çıxışında layihənin Bakıda kompüter elmləri, data analitikası, süni intellekt və kibertəhlükəsizlik sahələrində regional mükəmməllik mərkəzinin yaradılmasına yönəldiyini bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə kompüter elmləri üzrə bakalavr proqramı fəaliyyətə başlayacaq, daha sonra isə kompüter mühəndisliyi proqramı təqdim olunacaq.

AzTU-nun rektoru Vilayət Vəliyev isə AZSET layihəsini Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş strateji investisiya kimi qiymətləndirib. O bildirib ki, layihənin əsas nəticələri yüksək ixtisaslı mühəndislərin hazırlanması, yeni texnologiyaların inkişafı və beynəlxalq rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması olacaq.

Tədbirin sonunda AZSET-in təsis edilməsinə dair müqavilə imzalanıb. Müqaviləni AZCON Holding adından icraçı direktor Şahin Babayev, AzTU adından rektor Vilayət Vəliyev və “TUM International GmbH” adından icraçı direktor Friederike Hettinger imzalayıblar.

AZCON.