Dənizçilikdə yaşıl dönüş: hidrogen mühərrikləri üzrə yeni Avropa layihəsi

153

Finlandiyanın gəmi mühəndisliyi şirkəti “Deltamarin” uzaq məsafəli dəniz daşımalarında karbon emissiyalarının sıfıra endirilməsini hədəfləyən Avropa İttifaqının “H4PERION” layihəsinə qoşulub.

Dörd il davam edəcək layihənin əsas məqsədi hidrogenlə işləyən daxili yanma mühərriklərinin hazırlanması və onların kommersiya gəmiçiliyində tətbiqinin real şəraitdə sınaqdan keçirilməsidir.

Layihə çərçivəsində testlər həm laboratoriya mühitində, həm də “Aurora Botnia” bərəsinin göyərtəsində aparılacaq. Bu yanaşma texnologiyanın yalnız nəzəri deyil, həm də əməliyyat şəraitində sınaqdan keçirilməsinə imkan verəcək.

“Deltamarin” layihədə mühərriklərin hazırlanması ilə yanaşı, hidrogen texnologiyasının müxtəlif tipli gəmilərə inteqrasiyası və genişmiqyaslı tətbiq imkanlarının modelləşdirilməsini də həyata keçirəcək.

Bildirilib ki, bu yanaşma hidrogen mühərriklərinin gələcəkdə ticarət donanması üçün standart və dayanıqlı həllə çevrilməsinə mühüm töhfə verə bilər.

Layihə eyni zamanda təhlükəsizlik standartlarının hazırlanması, heyətin yeni yanacaq növü üzrə təlimi və liman infrastrukturunun uyğunlaşdırılması kimi istiqamətləri də əhatə edir. Bununla da “H4PERION” dəniz nəqliyyatında dekarbonizasiya prosesini sürətləndirən kompleks ekosistem formalaşdırmağı hədəfləyir.

Seanews.az