Silah daşıyan gəmi saxlanıldı

80

Özəl mühafizə şirkətləri tərəfindən Oman körfəzində “üzən arsenal” kimi istifadə olunan gəmi İran Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilərək İranın ərazi sularına istiqamətləndirilib.

Bu barədə BBC telekanalı dəniz risklərinin idarə edilməsi üzrə ixtisaslaşan “Vanguard” şirkətinə istinadən məlumat yayıb.

Söhbət Honduras bayrağı altında üzən “Hui Chuan” gəmisindən gedir. Bildirilir ki, gəmi operatorları onun ticarət gəmilərini dəniz quldurlarından qoruyan özəl təhlükəsizlik şirkətləri üçün sursat və hərbi avadanlıq anbarı kimi istifadə olunduğunu təsdiqləyiblər.

İran qüvvələri tərəfindən saxlanılan gəminin göyərtəsində olan şəxslər və yük barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Bununla belə, qeyd olunur ki, bu tip “üzən arsenal” gəmilərindən əsasən Qırmızı dənizdə, həmçinin Ədən və Oman körfəzlərində geniş istifadə edilir.

“Vanguard”un məlumatına görə, “Hui Chuan” kimi gəmilər yalnız silah və avadanlıqların saxlanması deyil, həm də növbə dəyişimi zamanı özəl mühafizə şirkətlərinin əməkdaşları üçün müvəqqəti yerləşmə məntəqəsi funksiyasını yerinə yetirir.

Şirkət əlavə edib ki, insident Oman sahillərində Hindistan bayrağı altında üzən “Haji Ali” ticarət gəmisinin hücuma məruz qalaraq batmasından qısa müddət sonra baş verib.