Kanadadan nəhəng tədqiqat gəmisi

119

Kanada Milli Gəmiqayırma Strategiyası və dəniz elmi sahəsində mühüm mərhələyə qədəm qoyub. Ölkənin ən böyük okeanoqrafik tədqiqat gəmisi olan “CCGS Naalak Nappaaluk” rəsmi olaraq istismara verilib.

Müasir tədqiqat gəmisi Vankuver tərsanəsində 1,4 milyard Kanada dollarına (təxminən 1 milyard ABŞ dolları) inşa olunub. Uzunluğu 88 metr olan “CCGS Naalak Nappaaluk” Atlantik okeanı və Şimal Buzlu okeanında genişmiqyaslı elmi araşdırmalar aparmaq məqsədilə Yeni Şotlandiya əyalətinin Dartmut limanında yerləşdirilib.

Gəmi xüsusi missiyalara uyğun dəyişdirilə bilən modul işçi göyərtəsi, okean nümunələrinin götürülməsi bölməsi, ixtisaslaşdırılmış laboratoriyalar, seysmik kompressorlar və dərin dəniz məlumatlarının toplanması üçün müasir sonar sistemləri ilə təchiz olunub.

Gəmi axtarış-xilasetmə və ekoloji reaksiya missiyalarını da yerinə yetirmək imkanına malikdir. “CCGS Naalak Nappaaluk” 34 heyət üzvü və 26 alim qəbul edə bilir.

Adını inuit ağsaqqalı Naalak Nappaalukdan alan və dənizdə fasiləsiz 10 həftə fəaliyyət göstərə bilən bu üzən platforma 2022-ci ildə istismardan çıxarılan 60 yaşlı “CCGS Hudson” gəmisini əvəz edib. Gəminin ən azı növbəti 30 il ərzində Kanadanın şərq sahillərində əsas elmi tədqiqat bazası kimi fəaliyyət göstərəcəyi bildirilir.

Seanews.az