Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndə heyəti İstanbul Universiteti-Cerrahpaşa (İÜC) rəhbərliyi ilə görüş keçirib. Görüşdə dənizçilik təhsili sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, ortaq elmi layihələrin həyata keçirilməsi, müəllim-tələbə mobilliyi, ikili diplom proqramları və rəqəmsallaşma istiqamətində təcrübə mübadiləsi müzakirə olunub.
ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev akademiyanın beynəlmiləlləşmə istiqamətində həyata keçirdiyi layihələrdən danışaraq birgə elmi-tədqiqat mərkəzinin yaradılması, magistrant və doktorantlar üçün ortaq elmi rəhbərlik mexanizmlərinin tətbiqi və keyfiyyət təminatı sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İÜC rəhbərliyi universitetin beynəlxalq əlaqələri, akkreditasiya prosesi, texnopark fəaliyyəti və elmi bazalarda indekslənən jurnalları barədə təqdimatla çıxış edib. Görüş zamanı ilkin mərhələdə beş istiqamət üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi və Türk Dövlətlərinin dənizçilik təhsili üzrə beynəlxalq konfransının təşkili barədə razılıq əldə olunub.
Səfər qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması ilə yekunlaşıb.
#ADDA







