ABŞ pilotsuz tanker təyyarəsinin istehsalına başlayır

222

ABŞ Hərbi Dəniz Qüvvələri “Boeing” şirkətinə MQ-25A “Stingray” pilotsuz tanker təyyarəsinin istehsalına başlamaq üçün rəsmi icazə verib.

Səkkiz illik hazırlıq mərhələsindən sonra layihə ilkin olaraq aşağı templə istehsala keçəcək və ilk il ərzində üç təyyarənin hazırlanması nəzərdə tutulur.

Təxminən 200 milyon dollar dəyərində olan MQ-25A aviadaşıyıcı göyərtəsindən havaya qalxaraq 15 min funtadək yanacaq daşımaq və döyüş təyyarələrini havada yanacaqla təmin etmək imkanına malikdir. Layihənin əsas məqsədi F/A-18 “Super Hornet” qırıcılarını yanacaqdaşıma funksiyasından azad edərək onların birbaşa döyüş əməliyyatlarına cəlb edilməsini təmin etməkdir.

Pilotsuz tanker təyyarəsinin aviadaşıyıcı üzərində ilk sınaqlarının 2026-cı ilin sonunda keçirilməsi planlaşdırılır.

Silahsız platforma kimi hazırlansa da, uzun uçuş məsafəsi və aşağı görünürlük xüsusiyyətlərinə görə MQ-25A-nın gələcəkdə zərbə missiyalarında istifadəsi də istisna edilmir.

Seanews.az