Beynəlxalq Dəniz Təşkilatı (IMO) beynəlxalq yükdaşımalarında istifadə olunacaq avtonom gəmilər üçün MASS (Maritime Autonomous Surface Ships) təhlükəsizlik kodeksini qəbul edib.
Hazırda tövsiyə xarakteri daşıyan kodeksin 2028-ci ildən etibarən məcburi tətbiq olunması gözlənilir. Sənəd pilotsuz və avtonom gəmilərin təhlükəsiz istismarı üçün ilkin beynəlxalq standartları müəyyən edir.
Kodeksdə təhlükəsiz naviqasiya əsas prioritet kimi göstərilir. Buraya ətraf mühitin fasiləsiz izlənilməsi, toqquşmaların qarşısının alınması qaydalarına əməl olunması, həmçinin fövqəladə hallarda məsafədən və ya avtomatik idarəetmə imkanları daxildir.
Yeni qaydalar ekipajsız gəmilər üçün yanğından mühafizə, su keçirməzlik, xilasedici sistemlər, yedəyəalma və lövbər əməliyyatları üzrə texniki tələbləri də əhatə edir.
IMO bildirir ki, avtonom gəmi texnologiyalarının tam tətbiqi və beynəlxalq standartların formalaşdırılması prosesi yaxın illərdə mərhələli şəkildə davam etdiriləcək.
Seanews.az





