Bakıda beynəlxalq “SPLASH for Swimmable Cities” tədbiri keçirilib

225

Mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – “Dünyanın İdman Paytaxtı” və “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “SPLASH for Swimmable Cities” tədbiri təşkil olunub.

“Sea Breeze Resort” ərazisində keçirilən tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə diplomatik korpus nümayəndələri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qonaqları, idmançılar və üzgüçülük həvəskarları iştirak ediblər.

Çıxış edənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov yer alıblar. Onlar üzgüçülüyün sağlam həyat tərzinin formalaşmasında və şəhər mühitinin inkişafında rolunu vurğulayıblar.

Tədbir çərçivəsində təxminən 100 iştirakçı eyni vaxtda dənizə daxil olaraq aksiya və simvolik üzmə fəaliyyətinə qoşulub.