Azərbaycan Dövlət Dəniz Akademiyası ilə GN Group arasında əməkdaşlıq genişləndirilir

101

Türkiyənin İstanbul şəhərində TİKA-nın təşkilatçılığı ilə həyata keçirilən işgüzar səfər çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndə heyəti GN Group Corporation şirkətində görüş keçirib.

Rektor vəzifəsini icra edən Eldar Qocayevin rəhbərlik etdiyi nümayəndə heyəti GN Group-un baş direktoru Ahmet Gün və şirkətin rəhbər heyəti ilə əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsi barədə müzakirələr aparıb.

Görüşdə ADDA tələbələrinin şirkətin gəmilərində və müəssisələrində istehsalat təcrübəsinin təşkili, mövcud əməkdaşlığın möhkəmləndirilməsi və gələcək birgə layihələrə dair məsələlər diqqət mərkəzində olub.

Tərəflər tələbələrin peşə hazırlığı və praktik bacarıqlarının artırılmasının əhəmiyyətini vurğulayıb, həmçinin əlavə tələbələrin təcrübə proqramlarına cəlb olunması imkanlarını müzakirə ediblər.

Bununla yanaşı, professor-müəllim heyətinin beynəlxalq təcrübə proqramlarında iştirakı, xarici mütəxəssislərin tədris prosesinə cəlbi və tələbələr üçün təqaüd proqramlarının yaradılması perspektivləri də nəzərdən keçirilib.

#ADDA