Hörmüzdə təhlükəsizlik gücləndirilir

78

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazında mina təhlükəsinin aradan qaldırılması məqsədilə bölgəyə əlavə qüvvələr göndərməyə hazırlaşır.

“Associated Press” agentliyinin Britaniya HDQ komandanlığına istinadən yaydığı məlumata görə, hazırda Cəbəllütariqdə yerləşən “RFA Lyme Bay” köməkçi gəmisi ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra Yaxın Şərq istiqamətində hərəkət edəcək.

Bildirilir ki, gəmi mina axtarışı və zərərsizləşdirilməsi üçün xüsusi sursatlar, eləcə də hidroakustik stansiyalarla təchiz edilmiş pilotsuz sualtı aparatlarla təmin olunur. “RFA Lyme Bay”in Süveyş kanalından keçərək Fars körfəzinə yollanmazdan əvvəl Britaniyanın “HMS Dragon” esminesi və müttəfiq ölkələrin hərbi gəmiləri ilə birləşməsi planlaşdırılır.

Britaniya HDQ-nin məlumatına əsasən, İran Hörmüz boğazı boyunca müxtəlif tipli minalar yerləşdirmiş ola bilər. Bunların lövbərli, dib əsaslı və ya reaktiv-qalxan tipli minalar olduğu ehtimal edilir. Minaların fiziki təmas, akustik təsir və ya maqnit sahəsində dəyişiklik nəticəsində aktivləşə biləcəyi qeyd olunur.

“RFA Lyme Bay” gəmisindəki avtonom sistemlər hidroakustik texnologiyalar vasitəsilə dəniz dibini və ətraf suları skan edərək potensial təhlükələrin xəritəsini ənənəvi mina təmizləyən gəmilərlə müqayisədə təxminən iki dəfə daha sürətli hazırlaya bilir.