Yeni ekoloji risk

121

Norveç Elm və Texnologiya Universitetinin (NTNU) alimləri mikroplastiklərin dəniz ekosistemlərinə təsirini araşdıraraq onların okeanların karbon qazını (CO₂) udma qabiliyyətini azalda biləcəyini müəyyən ediblər.

Araşdırma jurnalist İngebjörq Hestvik tərəfindən hazırlanıb, elmi izahlar isə NTNU-nun Enerji və Proses Mühəndisliyi Departamentinin tədqiqatçısı Françeska Verones tərəfindən təqdim olunub.

Alimlərin sözlərinə görə, okeanlar insan fəaliyyəti nəticəsində atmosferə buraxılan CO₂-nin təxminən 25–30 faizini udaraq qlobal karbon dövriyyəsində mühüm rol oynayır. Bu prosesdə əsas funksiyanı isə fitoplanktonlar yerinə yetirir.

Araşdırma göstərib ki, mikroplastiklər yosunların inkişafını zəiflədir, suyun işıqkeçirmə qabiliyyətini azaldır və hüceyrələrdə stress yaradır. Nəticədə fotosintez prosesi və karbonun udulması zəifləyir.

Tədqiqatçılar bildirirlər ki, təsir xüsusilə tropik və quraq iqlim zonalarında daha güclü müşahidə olunur. Hazırda ümumi təsir məhdud hesab edilsə də, okeanlarda mikroplastiklərin artması gələcəkdə problemin daha da dərinləşməsinə səbəb ola bilər.

Alimlər plastik çirklənmənin yalnız ekoloji deyil, həm də iqlim və qlobal karbon balansına təsir edən ciddi problem olduğunu vurğulayırlar.

Seanews.az