Gələcəyin tələbələri ilə maarifləndirici tədbir

190

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndələri Gəncə şəhər 11 nömrəli tam orta məktəbdə maarifləndirici görüş təşkil ediblər.

Tədbirdə 11 nömrəli məktəblə yanaşı, şəhərin 9, 10 və 13 nömrəli məktəblərinin şagird və müəllim heyəti də iştirak edib.

Məktəbin direktoru Ləman Həsənova çıxışında belə görüşlərin şagirdlərin peşə seçiminə mühüm töhfə verdiyini bildirib.

ADDA nümayəndələri Akademiyanın dənizçilik sahəsində strateji rolu, beynəlxalq standartlara uyğun tədris imkanları və məzunların qlobal dənizçilik sektorundakı fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, dənizçilik peşəsi yüksək məsuliyyət və nüfuz tələb edən ixtisas sahələrindəndir.

Tədbir zamanı iştirakçılara ADDA-nın simulyatorları, laboratoriyaları və təlim imkanlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxışlarda qəbul qaydaları, ixtisaslar, xarici dil biliklərinin əhəmiyyəti, elmi-innovativ layihələr və rəqəmsal təhsil imkanları barədə də məlumat verilib.

Sonda tələbə Günay Kərimli akademik həyat, yataqxana şəraiti və mühəndislik təhsilinin üstünlükləri ilə bağlı öz təcrübəsini bölüşüb. Görüş şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb.

#ADDA