Dəniz təhsili məktəblilərə tanıdıldı

188

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndələri Bərdə rayonu 5 nömrəli tam orta məktəbdə Akademiyanın fəaliyyəti, tədris imkanları və tələbə həyatı ilə bağlı maarifləndirici tədbir təşkil ediblər.

Tədbiri məktəbin direktoru Teymur Həmidov açaraq peşə seçimi dövründə bu cür görüşlərin əhəmiyyətini vurğulayıb və dənizçilik peşəsinin ölkə iqtisadiyyatı və nəqliyyat sektoru üçün strateji rolunu qeyd edib.

ADDA-nın kafedra müdiri İlqar Abdullayev çıxışında Akademiyanın tarixi ənənələri, beynəlxalq standartlara uyğun təhsil sistemi və tələbələrin peşəkar kadr kimi formalaşmasında texniki və humanitar biliklərin vəhdətinin əhəmiyyətindən danışıb.

Daha sonra Ruslan Əlicanov və Aytac Rüstəmli tərəfindən təqdimat keçirilib. Təqdimatda Akademiyada tədris olunan ixtisaslar, beynəlxalq sertifikatlaşdırma imkanları və məzunların karyera perspektivləri barədə məlumat verilib. Eyni zamanda “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasları təqdim olunub.

Tədbir zamanı ADDA-nın simulyatorları, laboratoriyaları, tədris bazası və tələbə həyatını əks etdirən videoçarx nümayiş etdirilib. Həmçinin tələbələrin “Hackathon 2025”, “GreenTech III” və “Game Summit 2026” kimi yarışlarda əldə etdikləri nailiyyətlər barədə məlumat verilib.

Sonda Gəmi sürücülüyü fakültəsinin I kurs tələbəsi Günay Kərimli tələbə həyatı ilə bağlı təəssüratlarını bölüşüb. Tədbir sualların cavablandırılması və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

#ADDA